Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Tehranda Ekspertlər Məclisinin Rəyasət Heyəti bəyanat yayaraq Ali Məqamlı Rəhbərin izzətli mövqeyini dəstəkləyib, milli birliyin qorunmasının və bütün məsul şəxslərin İnqilab Rəhbərinin göstəriş və tövsiyələrinə tam əməli şəkildə sadiq qalmasının vacibliyini vurğulayıb.
Bəyanatın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Əziz və inqilabçı İran İslam xalqı!
İmam Hüseynin (ə), onun Əhli-beytinin (ə) və vəfalı səhabələrinin Ərbəin günləri münasibətilə başsağlığı verir, həmçinin tarixi dəfn mərasimində misilsiz iştirakınıza görə müqavimətli, qədirbilən və vətənsevər İran xalqına, eləcə də iraqlı qardaşlara və hər iki ölkənin hörmətli rəsmilərinə təşəkkürümüzü bildiririk. İslam İnqilabının sabiq lideri şəhid Ayətullah Xameneinin (rə) dəfn mərasimi İslam İnqilabının bəşəriyyət düşmənləri olan təkəbbürlü Amerika, saxta sionist rejim və onların tərəfdarları qarşısında sarsılmaz və təslimolmaz mövqeyinin aydın təzahürü oldu.
Bu münasibətlə aşağıdakı məqamları diqqətinizə çatdırırıq:
1. İlk növbədə İnqilabın Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) hikmətli, bəsirət artıran, eləcədə ümidverici, maarifləndirici və izzətli müraciətlərinə görə təşəkkürümüzü bildiririk. Bu müraciətlər İranın rəşadətli xalqı və İslam ümməti üçün yolgöstərən olub, dövlət rəsmiləri üçün də əsas istiqamət olmalıdır. Uca Allahdan onun mübarək ömrünü İmam Zamanın (ə.f) zühurunadək izzət və qüdrət içində davam etdirməsini diləyirik.
2. Son hadisələr, təcavüzkar rejimin hərəkətləri və əldə olunmuş razılaşmaların dəfələrlə pozulması bir daha göstərdi ki, ABŞ prezidentinin imzasının heç bir etibarı yoxdur. Beləliklə, bu təkəbbürlü dövlətə etimadın yalnız ilğımdan ibarət olduğu, onunla anlaşma və razılığa ümid bəsləməyin nəticəsiz qalacağı bir daha sübuta yetdi. Xalqın hüquqlarının təmin olunması istiqamətində atılacaq hər bir addım yalnız İnqilabın Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) baxışları, tövsiyələri və tədbirləri çərçivəsində həyata keçirilməlidir.
3. Sivilizasiya qurucusu olan xalqımız və qəhrəman Silahlı Qüvvələrimiz öz izzətini, şərəfini və təhlükəsizliyini qorumaq uğrunda canından keçməyə hazırdır. Xalqın Ekspertlər Məclisi düşmənlər qarşısında cəsarət və mətanətlə dayanan, onları çıxılmaz vəziyyətə salan döyüşçülərimizin əllərini öpür, onlarla fəxr etdiyini bəyan edir.
4. İslam İnqilabı ilə təkəbbür cəbhəsi arasındakı qarşıdurma köklü və prinsipial qarşıdurmadır. Bu qarşıdurma yalnız təkəbbür qüvvələrinin təcavüzkar və hegemon davranışlarından əl çəkməsi, həmçinin İran İslam xalqının haqlı tələblərini qəbul etməsi ilə başa çata bilər. Bu haqlı tələblər İnqilabın Ali Məqamlı Rəhbərinin (Allah onu qorusun) müraciətlərində aydın şəkildə öz əksini tapmışdır. Təkzibedilməz dəlillərə əsasən, hazırkı müharibə bu qarşıdurmada həlledici mərhələdir və bu həssas dövrdə istənilən sadəlövhlük tarixdə bərpası mümkün olmayan ağır itkilərə səbəb ola bilər.
5. Belə bir şəraitdə müqəddəs milli birliyin qorunması, İnqilabın Ali Məqamlı Rəhbərinin hikmətli, yolgöstərən göstəriş və tapşırıqlarına tabe olunması yeganə birlik meyarıdır. Bütün məsul şəxslərin vilayəti-fəqihin nəzərinə tam əməli şəkildə sadiq qalması həm ağılın, həm də şəriətin vacib buyurduğu bir vəzifədir.
6. Mömin və ayıq xalqın İnqilab Rəhbəri zəruri hesab etdiyi müddətədək, düşmənlərin tam ümidsizliyinə, onların fitnələrinin qəti məğlubiyyətinə və xalqın qəti qələbəsinin aşkar olmasına qədər meydanlarda və küçə aksiyalarında iştirakını davam etdirməsi zəruridir.
7. Bu həssas tarixi şəraitdə fitnəkarların və sui-qəsd planlaşdıranların sülh adı altında təslimçiliyi təbliğ etməsi bağışlanmaz xəyanətdir. Belə hərəkətlərlə qanun çərçivəsində mübarizə aparmaq aidiyyəti məsul şəxslərin qəti vəzifəsidir.
8. İnqilab Rəhbərinin bu qəti və aydın bəyanatına əsasən ki, «Şəhid Ayətullah Seyid Əli Xameneinin və bu müharibənin bütün şəhidlərinin pak qanının qisasını cinayətkar qatillərdən alacağımıza əhd bağlayırıq. Bu intiqam xalqımızın tələbidir, mütləq həyata keçirilməlidir və bu cinayətkarlar rahat və yataqda ölüm arzusunu özləri ilə məzara aparacaqlar», dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azad insanlar şəhid Ayətullah Xameneinin, eləcədə, iyun və Ramazan ayında baş vermiş müharibələrin məzlum şəhidlərinin qanının intiqamı və eyni zamanda intiqam bayrağını uca tutmalıdırlar.
Bir daha vurğulanır ki, şəhid Ayətullah Xameneinin, 12 günlük məcburi müharibə və Ramazan ayında baş vermiş müharibənin digər əziz şəhidlərinin qanının intiqamı ilə bağlı milli və beynəlxalq tələbin genişlənməsi fonunda, aidiyyəti məsul şəxslər ayıq İran xalqının və qlobal müqavimət cəbhəsinin bu qanuni və strateji tələbini bütün imkan və vasitələrdən istifadə etməklə ciddi şəkildə davam etdirməli və həyata keçirməlidirlər.
والسلام علیکم و رحمة الله و برکاته
Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun.
Ekspertlər Məclisinin Rəyasət Heyəti
Rəyiniz